Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edəcək
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edəcək.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, iyulun 22-də səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili ilə görüşəcək.
Səfər çərçivəsində Ceyhun Bayramov Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə görüşlər keçirəcək.
Ceyhun Bayramov Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların memorialına əklil qoyacaq, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək ona ehtiram göstərəcək.
Bununla yanaşı, 2025-ci ilin iyulun 21-də Tbilisidə Gürcüstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin növbəti raundu keçirilir.