Azərbaycanın xarici işlər naziri bəyan edib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması səbəbindən Bakı limanında dibdərinləşdirmə işləri aparılır
Xəzər dənizində suyun səviyyəsinin azalması səbəbindən Bakı limanında dibdərinləşdirmə işləri aparılır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Bayramov, həmçinin Azərbaycanda su ehtiyatlarının daha səmərəli idarə olunması məqsədilə dövlət proqramının həyata keçirildiyini qeyd edib.
Nazirin sözlərinə görə, su təsərrüfatı sahəsində Niderlandla əməkdaşlıq imkanları mövcuddur.
“Bu istiqamətdə potensial var və Azərbaycanın da buna ehtiyacı var. Gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi istisna edilmir”, – deyə Ceyhun Bayramov Niderlandın xarici işlər naziri Tom Berendsenlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Bayramov Ermənistanla münasibətlərdən də danışıb. O qeyd edib ki, Ermənistan cəmiyyəti sülhün həm onlar, həm də Azərbaycan cəmiyyəti üçün mühüm məsələ olduğunu dərk etməli və qəbul etməlidir.
“Nəticə etibarilə, bu, hər iki tərəfin maraqlarına xidmət edən bir prosesdir. Biz də bu müzakirələrə məhz bu baxımdan yanaşırıq. Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra Azərbaycan tərəfi bu məsələyə son qoymağa hazırdır. Lakin nəticəni gözləməliyik”, – deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.