Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndə heyəti işgüzar səfər çərçivəsində Gürcüstanda olub
Gürcüstanın Daxili İşlər Nazirliyi Kaxeti bölgəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndə heyətinə ev sahibliyi edib. İki ölkənin sərhədyanı bölgələrinin polis bölmələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətinə Azərbaycanın İstintaq İdarəsinin rəisi Müzəffər Məmmədov rəhbərlik edirdi.
Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, səfər çərçivəsində Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin direktoru Davit Kiknadze azərbaycanlı həmkarları ilə işgüzar görüş keçirib və görüşdə sərhədyanı bölgələrin polis bölmələri arasında mövcud əməkdaşlıq məsələlərini və prioritet sahələri müzakirə edib.
Həmçinin, görüşdə Gürcüstanın Daxili İşlər Nazirliyinin müxtəlif struktur bölmələrinin rəhbər şəxsləri iştirak edirdilər.
Tərəflər qonşu bölgələr arasında hüquq-mühafizə sahəsində sıx münasibətlərin əhəmiyyətini vurğulayıblar və mövcud əlaqələrin genişləndirilməsi məqsədilə birgə işin aktiv şəkildə davam etdirilməsinə hazır olduqlarını ifadə ediblər.
Görüşün sonunda tərəflər Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiklərini bildiriblər.