Azərbaycanın Baş naziri Əli Əsədov "Tbilisi İpək Yolu Forumu"nda salamlama nitqi ilə çıxış edəcək
Azərbaycanın Baş naziri Əli Əsədov "Tbilisi İpək Yolu Forumu"nda salamlama nitqi ilə çıxış edəcək

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Tbilisi İpək Yolu Forumu”nun rəsmi açılış tədbirində və Gürcüstan və Ermənistanın baş nazirləri ilə birlikdə yüksək səviyyəli dialoqda iştirak edəcək. Bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, forum oktyabrın 22-23-də beşinci dəfə keçiriləcək və forumda 2000-dək nümayəndə iştirak edəcək.

“Tbilisi İpək Yolu Forumu” artıq müxtəlif ölkələrin hökumətləri arasında dialoq, eləcə də dövlətlər, beynəlxalq təşkilatlar və biznes arasında çoxtərəfli əməkdaşlıq üçün yüksək səviyyəli beynəlxalq platforma kimi öz yerini möhkəmləndirib.

Tədbirdə baş nazirlərlə birlikdə yüksək səviyyəli siyasi şəxslər, biznes sektorun və beynəlxalq təşkilatların nümayəndələri, region ölkələrinin baş nazirləri və vitse-baş nazirləri, həmçinin sahə üzrə nazirlər, aparıcı qlobal şirkətlərin və beynəlxalq maliyyə institutlarının rəhbərləri və beynəlxalq səviyyəli ekspertlər iştirak edəcəklər.

İlk dəfə olaraq “Tbilisi İpək Yolu Forumu” çərçivəsində oktyabrın 23-də öz miqyasına görə misli görünməmiş olan Tbilisi Maliyyə Sammiti keçiriləcək. Maliyyə Sammitini İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi və Gürcüstan Milli Bankı Sinqapurda əsası qoyulan – “Global Finance and Technology Network”lə (GFTN) tərəfdaşlıqla keçirəcəklər.

Forum çərçivəsində panel sessiyalarda beynəlxalq ticarət və mövcud çağırışlar, nəqliyyat və logistika, Orta dəhlizin inkişafı, energetika, rəqəmsal transformasiya və digər mühüm istiqamətlər müzakirə olunacaq. Gürcüstanın investisiya mühiti və imkanlarının müzakirəsinə ayrıca panel sessiyası həsr olunacaq.

“Tbilisi İpək Yolu Forumu” ilk dəfə 10 il əvvəl, 2015-ci ildə keçirilib və o vaxtdan bəri iki ildən bir keçirilir” – Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.