Azərbaycanda Gürcüstanın səfiri – Mixeil Kavelashvilinin səfəri çərçivəsində regional təhlükəsizlik, mədəni-humanitar və iqtisadi məsələlər müzakirə olunacaq
Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze bildirib ki, Mixeil Kavelashvilinin səfəri çərçivəsində bir sıra vacib məsələlərin, o cümlədən regional təhlükəsizlik, mədəni-humanitar və iqtisadi sahələrin müzakirəsi planlaşdırılır.
Onun sözlərinə görə, bu səfər Gürcüstan və Azərbaycan arasında əlaqələrin dərinləşməsinə və güclənməsinə töhfə verəcək.
“Bu gün Azərbaycan Respublikasında Gürcüstan Prezidentinin, cənab Mixeil Kavelashvilinin rəsmi səfəri başlayır. Bildiyiniz kimi, Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir. Səfər iki günlükdür. Bu gün protokol və mədəni proqramlar nəzərdə tutulub. Həmçinin bizim üçün böyük şərəfdir ki, cənab prezident Azərbaycan Respublikasındakı Gürcüstan səfirliyini ziyarət edəcək. O, diplomatik korpusla görüşəcək. Biz prezidentə hökumət tərəfindən verilmiş tapşırıqların icra vəziyyətini, həyata keçirilən planları təqdim edəcəyik. Eyni zamanda ikitərəfli münasibətlərin dinamikasını və gələcək planları da paylaşacağıq.
Düşünürəm ki, bu gün maraqlı və əhəmiyyətli görüşlər planlaşdırılıb. Sabahdan isə yüksək səviyyəli rəsmi görüşlər başlayacaq. Cənab Prezident İlham Əliyev ilə, həmçinin Baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçiriləcək. Görüşlərdə gündəmdə duran bir sıra ikitərəfli məsələlər, o cümlədən regional təhlükəsizlik, mədəni-humanitar əməkdaşlıq və əlbəttə ki, iqtisadi məsələlər müzakirə olunacaq. Söhbət bərpa olunan enerji, tranzit potensialının artırılması, investisiyaların cəlb olunması, ticarət dövriyyəsinin genişləndirilməsi və digər mühüm detallar ətrafında gedəcək. Bütün bu məsələlər ölkələrimiz arasında münasibətləri yeni mərhələyə çıxaracaq. Bir çox uğurlu layihələr müzakirə olunacaq. Hesab edirəm ki, Prezidentin bu səfəri iki ölkə arasındakı münasibətlərin daha da güclənməsinə və inkişafına təkan verəcək,” – deyə Pataradze bildirib.