Azərbaycana rəsmi səfəri çərçivəsində Qiorqi Qvarakidze Azərbaycanın baş prokuroru Kamran Əliyevlə görüşüb
Gürcüstanın baş prokuroru Qiorqi Qvarakidze Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevlə görüşüb.
Gürcüstan və Azərbaycan nümayəndə heyətləri arasında keçirilən ikitərəfli görüşdə Gürcüstanın baş prokurorunun müavini Avtandil Koclamazaşvili, Tbilisi prokuroru Qiorqi Mikaia, Baş Prokurorluğun istintaq hissəsinin rəisi Laşa Abuladze, Beynəlxalq Əlaqələr Departamentinin rəisi Qiorqi Mikava, Azərbaycanın baş prokurorunun birinci müavini Elçin Məmmədov, baş prokurorun müavini Heydər Məmmədov, baş hərbi prokuror, baş prokurorun müavini Bəhruz Əhmədov və Bakı şəhər prokuroru Elşən Abbasov iştirak ediblər.
Görüşdə tərəflər cinayət hüququ sahəsində iki ölkənin səlahiyyətli qurumları arasında səmərəli tərəfdaşlığı müzakirə edib, əməkdaşlığın konkret istiqamətlərindən danışıblar. Həmçinin, tərəflər iki ölkə arasında cinayətkarlıqla mübarizədə təcrübə mübadiləsi, Gürcüstan və Azərbaycanda cinayət hüququ sahəsində son illərdə mövcud nailiyyətlər və çağırışlar, cinayətkarlığa qarşı birgə səmərəli mübarizənin daha da gücləndirilməsi haqda danışıblar.
Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Gürcüstanın baş prokuroru Qiorqi Qvarakidzeyə səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib və qeyd edib ki, iki ölkə arasındakı münasibətlər ədalət mühakiməsi sahəsində sıx əməkdaşlığa kömək edir.
Görüşün sonunda Azərbaycan tərəfi Gürcüstan Prokurorluğunun nümayəndələrinə Azərbaycan Prokurorluğunun Tarix Muzeyini təqdim edib. Bundan əvvəl isə Gürcüstan Prokurorluğunun nümayəndələri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Məlumatı Gürcüstan Prokurorluğu yayır.