Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Qara dənizdə yük gəmisinə dron hücumu nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub

15:17, 10.09.2026

Qara dənizdə yük gəmisinə dron hücumu nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Azərbaycan vətəndaşları TEDY adlı gəmidə olublar. Hücumdan sonra onlar Ukraynanın Çernomorsk şəhərindəki xəstəxanaya çatdırılıblar, lakin onların həyatını xilas etmək mümkün olmayıb.

“Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların aparıldığı və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan, eləcə də həmin marşrutlarda fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə çağırırıq”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bununla yanaşı, nazirlik gəmiyə hücum edən dronların hansı ölkəyə məxsus olduğunu təsdiqləməyib.

“Sky News”un məlumatına görə, bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi rus qüvvələrinin Odessa yaxınlığındakı limana doğru hərəkət edən iki yük gəmisinə zərbə endirdiyini açıqlayıb. Rusiya tərəfinin iddiasına görə, gəmilər Ukrayna Silahlı Qüvvələrinə yük aparırdı.

Oxşar