Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərib
Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərib. Bu haqda məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayır.
Bəyanatda qeyd olunub ki, bu vəsait Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılıb və elektron avadanlıqların satın alınmasına sərf olunacaq.
“Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti Ukrayna xalqına dəfələrlə humanitar yardım göndərib” – bəyanatda deyilir.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəni dəfələrlə “hər iki xalq üçün böyük faciə” adlandırıb. O, həmçinin dəfələrlə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin sonunda Azərbaycanın Ukraynaya göstərdiyi yardımın həcmi təxminən 40 milyon dollar təşkil edir. Eyni zamanda, Bakı Ukraynaya silah verməkdən imtina edib.