Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə münasibətləri dayandırıb
Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə münasibətləri dayandırıb

Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə münasibətləri dayandırdığını elan edib və eyni zamanda EURONEST Parlament Assambleyasında üzvlükdən çıxma proseduruna başlanacağını bildirib.
Qərarda qeyd olunur ki, Milli Məclis xarici parlamentlər və beynəlxalq parlament təşkilatları ilə münasibətlərdə sülh, təhlükəsizlik və dayanıqlı inkişaf prinsiplərini əsas götürür və açıq, konstruktiv dialoqu dəstəkləyir. Lakin Avropa Parlamentinin mövqeyi bu prinsiplərə zidd hesab olunur və əməkdaşlığın əsas maneəsinə çevrilib.
Bəyanatda iddia edilir ki, Avropa Parlamenti beynəlxalq hüquq və ədalət prinsiplərinə məhəl qoymur, həmçinin Ermənistan tərəfindən ərazilərin işğalı, dağıntılar, etnik təmizləmə və qaçqınların hüquqları məsələlərinə yanaşmada ədalətsiz mövqe tutur.
Həmçinin bildirilir ki, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlıq komitəsi və EURONEST kimi platformalar təzyiq və daxili işlərə müdaxilə vasitəsinə çevrilib.
Eyni zamanda, Avropa İttifaqının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsində yer alan müddəalarla bağlı etiraz notası təqdim edilib.