Azərbaycan Xarici İşlər Nazirliyi - Başqa ölkələrin məhkəmə proseslərinə müdaxiləyə cəhd edən Fransa tərəfinin öz ölkəsində siyasi təqibi, etirazçıların öldürülməsini araşdırması daha uyğun olardı
Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymasını tələb edirik – bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, rəsmi Bakı aprelin 2-də Fransanın xarici işlər naziri Jan-Noel Baronun Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı səsləndirdiyi ittihamları qətiyyətlə rədd edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bəyanatına əsasən, Azərbaycana qarşı ərazi iddialarının mövcud olduğu Ermənistan konstitusiyasına dəyişiklik edilməsi haqda 2 ildən artıq müddətdə müzakirə edilən legitim tələbin sual altına alınması qəbuledilməzdir.
“Əgər Fransa dediyi kimi, həqiqətən də sülh sazişinin mümkün qədər tez imzalanmasını dəstəkləyirsə, o zaman Ermənistanı müvafiq addımlar atmağa təşviq etməlidir. Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməni əsilli şəxslərin azadlığa buraxılması çağırışlarına gəldikdə, bu cinayətləri araşdırmaq və onlarla bağlı hüquqi təqibin aparılması Azərbaycanın haqqıdır.
Ümumiyyətlə, başqa ölkələrin məhkəmə proseslərinə müdaxiləyə cəhd edən Fransa tərəfinin, ilk növbədə öz ölkəsində siyasi təqib və müxtəlif tədbirlərdə etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncəni, Fransanın qanunverici orqanında rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktları araşdırması daha uyğun olardı. Fransada məhkəmə sistemi siyasi opponetlərə təzyiq vasitəsi kimi istifadə edilir və nazirin sözlərinə əsasən, Fransa məhkəməsinin qərarını şərh edə bilməz. Bu da rəsmi Parisin ikili standartlarının göstəricisidir” – Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.