"Azadlıq" Radiosunun jurnalisti, Vera Giriç Kiyevdə raket zərbələri qurbanı oldu
“Azadlıq” Radiosunun Ukrayna bürosunun əməkdaşı, jurnalist Vera Giriç ötən gün Kiyevdə Rusiyanın raket hücumu nəticəsində həlak oldu. Bu barədə məlumatı Ukrayna mətbuatı həlak olanın həmkarlarına istinad edərək yayır.
Eyni zamanda, “Ukrainskaya Pravda” nəşri yazır ki, əməkdaşın ölümünü “Azadlıq” Radiosu özü də təsdiqləyir.
Ona qədər Ukrayna paytaxtının meri, Vitali Kliçko bəyan etdi ki, Kiyevin Şevçenko rayonunda evin uçuntuları arasında bir cəsəd aşkar edildi.
Vera Giriç 2018-ci il fevralın 1-dən “Azadlıq” Radiosunun Ukrayna bürosunda prodüser kimi işləyirdi. Bundan əvvəl o, Ukraynanın aparıcı telekanallarında çalışırdı.
Rusiyanın Kiyevə raket zərbələri aprelin 28-i axşam saatlarında baş verdi. Vitali Kliçkonun sözlərinə görə, dörd yaralı xəstəxanaya yerləşdirilib.