Avtomobil Yolları Departamentinin məlumatına görə, 27–31 oktyabr tarixlərində Saçino çayı üzərindən keçən körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, beynəlxalq əhəmiyyətli Senaki–Poti (dönmə hissə)–Sarpi avtomobil yolunun 85-ci kilometrində, Saçino çayı üzərindən keçən körpüdə deformasiyalı birləşmənin təcili müvəqqəti təmiri aparılır.
Məlumata görə, işlərin gedişi ilə əlaqədar olaraq, 2025-ci il 27 oktyabr saat 12:00-dan 29 oktyabr saat 15:00-dək körpünün sol hərəkət zolağında (Sarpi–Poti istiqaməti) avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
“Bu müddət ərzində Sarpi–Poti istiqamətində hərəkət edən nəqliyyat vasitələri avtomobil yolunun 89-cu kilometrində yerləşən Çaxvi nəqliyyat qovşağından keçməklə, daxili əhəmiyyətli Qriqoleti–Şekvetili–Kobuleti–Çaxvi–Maxinjauri (tunel girişi) yolundan istifadə edəcəklər.
İşlərin ikinci mərhələsində, 2025-ci il 29 oktyabr saat 15:00-dan 31 oktyabr saat 18:00-dək isə sağ hərəkət zolağında (Poti–Sarpi istiqaməti) hərəkət məhdudlaşdırılacaq. Bu müddətdə Poti–Sarpi istiqamətində gedən nəqliyyat vasitələri avtomobil yolunun 73-cü kilometrində yerləşən Kobuleti nəqliyyat qovşağından keçməklə, daxili əhəmiyyətli Sajavaxo–Çoxatauri–Ozurgeti–Kobuleti və Qriqoleti–Şekvetili–Kobuleti–Çaxvi–Maxinjauri (tunel girişi) yollarından istifadə edəcəklər.
Avtomobil Yolları Departamenti yaranan narahatlığa görə üzr istəyir və sürücülərdən xahiş edir ki, hərəkət zamanı qeyd olunan müvəqqəti məhdudiyyətləri və alternativ marşrutları nəzərə alsınlar,” – deyə məlumatda bildirilir.