Avstriyanın Qrats şəhərində məktəbə edilən hücum zamanı on nəfər həyatını itirib, mövcud məlumata görə, hücum edən şəxs həmin məktəbin keçmiş şagirdidir.
Avstriya mediasının məlumatına görə, Qrats şəhərində məktəbə silahlı hücum edən şəxs, ehtimal ki, həmin məktəbin 22 yaşlı keçmiş şagirdidir. “Salzburger Nachrichten” yazır ki, onun iki ədəd odlu silahı olub.
Son məlumata əsasən, hücum nəticəsində on nəfər ölüb. Şəhər meri Elke Kahr bildirib ki, ölənlərdən biri hücumçudur. Kronen Zeitunqun məlumatına görə, o, tualetdə intihar edib. Hüquq-mühafizə orqanları hücumçunun şəxsiyyəti ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Yerli medianın xəbərinə görə, ölənlər arasında azı yeddi şagird var. Yaralananlar da var, lakin onların sayı hələ məlum deyil. Polis bildirir ki, hazırda təhlükə aradan qaldırılıb.
Hüquq-mühafizə orqanları vətəndaşlara məktəbin yaxınlığından uzaq durmağı tövsiyə edir. Hücum baş verən məktəb şəhərin mərkəzi dəmiryol stansiyasının yaxınlığında yerləşir.
Qrats Avstriyanın ikinci ən böyük şəhəridir.