Avstriyanın Prezidenti ifrat sağçı “Azadlıq Partiyası”nın lideri Herbert Kiklə koalisiya hökuməti qurmağı tapşırdığını bildirir
Avstriyanın Prezidenti Aleksander Van Der Bellen ifrat sağçı “Azadlıq Partiyası”nın lideri Herbert Kiklə koalisiya hökuməti qurmağı tapşırdığını bildirir.
“Cənab Kikl əmindir ki, hökumət danışıqları çərçivəsində həyat qabiliyyətli həll yolları tapa biləcək. O, bu məsuliyyəti öz üzərinə götürmək istəyir. Ona görə də federal hökumətin formalaşdırılması məqsədilə Avstriya Xalq Partiyası ilə danışıqlara başlamağı tapşırdım. Herbert Kikl məni bu danışıqların gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandıracaq. Bu addımı asanlıqla atmamışam. Mən konstitusiyamızın prinsip və qaydalarına düzgün şəkildə əməl olunmasını və həyata keçirilməsini təmin etməyə davam edəcəyəm” – Avstriyanın Prezidenti media ilə söhbəti zamanı deyib.
Avstriyanın kansleri Karl Nehammer üç partiya arasında hökumət koalisiyasının yaradılması ilə bağlı sentyabrda başlayan danışıqların uğursuzluğa düçar olmasından sonra istefa verib. Danışıqların əsas məqsədi seçkilərdə qalib gələn ifrat sağçı “Azadlıq Partiyası” olmadan koalisiya yaratmaq olub.
Avstriyanın Prezidenti ilə “Azadlıq Partiyası”nın liderinin görüşü ilə eyni vaxtda prezident sarayının qarşısında etiraz aksiyası keçirilib. Polisin məlumatına görə, nümayişə 500-ə yaxın insan toplaşıb. Aksiyanın iştirakçılarının sözlərinə görə, onlar “faşist dövlətinin qayıdışının” əleyhinədirlər.
Məlumat üçün bildirək ki, Herbert Kikl və onun partiyası Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona sanksiyaların tətbiq edilməsinə qarşı çıxırlar və bunun, Avstriyanın neytrallığını pozduğunu deyirlər.