Avstraliya seçkilərində iqtidarda olan “Leyborist Partiyası” qalib gəldi
Avstraliya seçkilərində hakim “Leyborist Partiyası” qalib gəldi. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Ölkənin baş naziri Entoni Albanizenin sözlərinə görə, avstraliyalılar səslərini Avstraliya dəyərlərinə verdilər.
“Bizim hökumət Avstraliya yolunu seçəcək, çünki biz kim olduğumuzla və bu ölkədə birlikdə yaratdığımız hər şeylə fəxr edirik. Biz başqalarından nə icazə istəyirik, nə borc alırıq, nə də nüsxə çıxarırıq. Biz ilhamı xaricdə axtarmırıq – biz onu burda, öz dəyərlərimizdə və xalqımızda tapırıq,” – deyə baş nazir bildirib.
Avstraliya Seçki Komissiyasının məlumatına görə, hazırda Leyborist Partiyası 150 yerlik Nümayəndələr Palatasında 82 mandat qazanıb. Müxalif “Liberal-Milli Koalisiya”nın lideri Piter Datton seçkilərdə məğlubiyyətini artıq etiraf edib və Albanize qələbə münasibətilə təbrik ünvanlayıb.