Avropada meşə yanğınları ilə mübarizə davam edir
Almaniyanın qərb bölgələrində, Belçika sərhədinə yaxın ərazidə baş verən yanğın səbəbindən 1 800 nəfərin təxliyəsi zəruri olub. Yerli hakimiyyətin məlumatına görə, yanğın 25 hektar ərazini əhatə edib. Alovun söndürülməsinə onlarla yanğınsöndürən cəlb olunub.
Meşə yanğınları Fransada da davam edir. Ölkənin cənub-qərbində yerləşən Landes regionunun kəndlərində yanğın səbəbindən 500-dən çox sakin təxliyə edilib. Medianın məlumatına görə, bölgədə alovun söndürülməsinə 500-dən çox yanğınsöndürən çalışır. Yanğınsöndürmə əməliyyatına 6 helikopter də cəlb olunub.
Güclü külək səbəbindən Xorvatiyada da yanğın ocaqları güclənib. Yerli medianın məlumatına görə, turist şəhəri Omişdən yerli sakinlərin və turistlərin təxliyəsinə ehtiyac yaranıb. Yanğın nəticəsində 19 nəfər xəsarət alıb.
Bundan başqa, İngiltərənin Sturbric şəhərində baş verən yanğın bir neçə yaşayış evini məhv edib və nəticədə iki nəfər xəsarət alıb. Məlumata görə, yanğın əvvəlcə qolf meydançasının yaxınlığında başlayıb, daha sonra evlərə və digər tikililərə yayılıb.