Avropa Şurasının Nazirlər Komitəsi Ukraynaya qarşı Rusiyanın təcavüzü ilə bağlı xüsusi tribunalın yaradılması prosesinə başlayıb
Avropa Şurasının Nazirlər Komitəsi Ukraynaya qarşı Rusiyanın təcavüzü ilə bağlı xüsusi tribunalın yaradılması prosesinə başlayıb

 

Avropa Şurasının Nazirlər Komitəsi Ukraynaya qarşı Rusiyanın təcavüzü ilə bağlı xüsusi tribunalın yaradılması prosesinə başlayıb.

Lüksemburqda keçirilən iclasda müvafiq qərar qəbul ediblər.

Komitənin iclasında Ukrayna nümayəndələri prezident Volodimir Zelenskinin tribunalın yaradılması xahişi ilə bağlı məktubunu Avropa Şurasının baş katibi Alen Berse və Lüksemburqun xarici işlər naziri Ksavie Batelə təqdim ediblər.

Xüsusi tribunalın yaradılması prosesinə rəhbərlik Alen Berseyə tapşırılıb.

Medianın məlumatına əsasən, tribunalın yaradılması üçün zəruri rəsmi prosedurlar ola bilsin, 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində başa çatsın.

Bundan əvvəl xüsusi tribunalın yaradılması üzrə 40-a yaxın ölkə, Avropa Komissiyası, Avropa İttifaqının Xarici Siyasət Xidməti və Avropa Şurasının daxil olduğu əsas qrupun texniki layihə üzərində işi başa çatdırdığı məlum olub.

Layihə üç əsas sənəddən ibarətdir: Ukrayna ilə Avropa Şurası arasında tribunalın formalaşdırılması haqqında ikitərəfli razılaşmanın mətni, onun nizamnaməsi və rəsmi adı “Genişləndirilmiş qismən razılaşma” olan tribunalın idarə edilməsinə dair razılaşma.

“Genişləndirilmiş qismən razılaşma” tribunalın idarə edilməsi və maliyyələşdirilməsinə aiddir. Bəzi ölkələr Avropa Şurasına üzvlüyü əsasında onu avtomatik imzalaya biləcəklər, digərləri isə sənədi öz milli parlamentlərində ratifikasiya etməyə ehtiyac duyacaqlar.