Avropa Şurası üzv ölkələrdən, o cümlədən Gürcüstandan xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə bağlı məlumatların paylaşılmasını istəyib
Avropa Şurası üzv dövlətlərdən xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə bağlı məlumatların paylaşılmasını xahiş edib.
Avropa Şurası tərəfindən yayılan sənədə əsasən, qurumun Xarici İnformasiya Manipulyasiyası və Müdaxiləsi üzrə Ekspertlər Komitəsi (PC-FIMI) təşkilatın üzv ölkələrinə cari ilin 1 yanvar – 15 aprel tarixləri arasında bu mövzuda məlumat təqdim etməyi təklif edir.
Məlumata görə, müvafiq sənəd Avropa Şurasının bütün üzv ölkələrinə göndərilib.
Avropa Şurasının Xarici İnformasiya Manipulyasiyası və Müdaxiləsi üzrə Ekspertlər Komitəsi dezinformasiya, medianın konsentrasiyası və ələ keçirilməsi, media azadlığı, mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və korrupsiya kimi məsələləri araşdırır.
Sənəddə qeyd olunur ki, Avropa Şurası xarici informasiya manipulyasiyası və müdaxiləsi (FIMI), o cümlədən dezinformasiya ilə bağlı mümkün hüquqi alətin hazırlanmasının məqsədəuyğunluğunu öyrənir. Araşdırma seçkilərə müdaxilə, medianın konsentrasiyası və ələ keçirilməsi, media azadlığı, demokratik və informasiya savadlılığı, mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, korrupsiya, eləcə də süni intellekt və digər texnologiyalardan sui-istifadə ilə bağlı çağırışları əhatə edir. Sənəddə FIMI ilə əlaqəli bəzi əməllərin cinayət məsuliyyəti baxımından hüquqi boşluqları və çağırışları, həmçinin qarşısının alınması, maarifləndirmə və təhsil tədbirləri üçün mümkün yanaşmalar nəzərdən keçirilir.
Eyni zamanda, Avropa Şurasının rəsmi saytında dərc olunan məlumata əsasən, Xarici İnformasiya Manipulyasiyası və Müdaxiləsi üzrə Ekspertlər Komitəsinin ilk iclası artıq 2026-cı il yanvarın 27-də keçirilib. İclasa Avropa Şurasının İnsan Hüquqları və Hüququn Aliliyi üzrə Baş Direktoru Canluka Espozito sədrlik edib.
Canluka Espozito çıxışında bildirib ki, bu komitənin yaradılmasının səbəbləri cəmiyyətlər üçün ciddi və narahatedicidir:
“Açıq cəmiyyətlərimizin gücü – məlumatın sərbəst mübadiləsi və ifadə azadlığı – xarici aktorlar tərəfindən zəif nöqtə kimi qiymətləndirilir. Onlar yanlış və saxta təbliğat yaymaqla cəmiyyətlərimizdə parçalanma yaratmaq, qorxu mühiti formalaşdırmaq və öz geosiyasi məqsədlərini irəli aparmaq niyyətindədirlər”.
Qeyd olunan müraciət Avropa Şurasının üzvü kimi Gürcüstana da göndərilib. Mövcud məlumata görə, Gürcüstan tərəfi artıq cavab məktubunu hazırlayıb.