Avropa Parlamenti yaxınlığında fermerlərin aksiyası zamanı etirazçılarla polis arasında qarşıdurma kəskinləşdi, polis onlara qarşı su şırnaqları və dəyənəklərdən istifadə etdi
Avropa Parlamenti yaxınlığında fermerlərin aksiyası zamanı etirazçılarla polis arasında qarşıdurma kəskinləşdi, polis onlara qarşı su şırnaqları və dəyənəklərdən istifadə etdi

Avropa Parlamenti sammiti ilə paralel olaraq Brüsseldə Avropa Parlamenti yaxınlığında fermerlərin etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıdurma kəskinləşib.

Nümayişçilər polisə tüstü bombaları, daşlar və kartof atıblar, həmçinin küçələrdə təkərlər və digər əşyalar yandırıblar, binaların şüşələrini sındırıblar.

Hüquq-mühafizə orqanları aksiya iştirakçılarına qarşı su şırnaqları və dəyənəklərdən istifadə ediblər. Saxlanılanlar və xəsarət alanlar barədə məlumat yayılır.

Bu gün yüzlərlə fermer Brüsselə traktorlar gətirib və kənd təsərrüfatı texnikası ilə yolları bağlayıb. Brüssel polisi bildirir ki, nümayiş üçün 50 traktorun gətirilməsinə icazə verilib, lakin aksiyaya minə yaxın texnika gətirilib.

Fermerlər Aİ-nin Cənubi Amerika bloku – “Merkosur” ölkələri ilə imzalamağı planlaşdırdığı ticarət sazişinə etiraz edirlər. Sözügedən saziş məsələsini bu gün Aİ sammitində liderlər müzakirə edirlər.

Avropalı fermerlər ehtiyat edirlər ki, Merkosur ölkələri, xüsusən Argentina, Braziliya, Paraqvay və Uruqvay ilə ticarət sazişinin qüvvəyə minməsi Aİ-yə kənd təsərrüfatı məhsullarının həddindən artıq daxil olmasına və yerli məhsulların ucuzlaşmasına səbəb olacaq.