Avropa Parlamenti: Gürcüstan və Türkiyənin Aİ-yə üzvlük prosesində irəliləyiş demokratik islahatlar olmadan mümkün deyil

16:35, 02.07.2026

Avropa Parlamenti sosial şəbəkədə yayımladığı mesajda bildirib ki, “islahatlar yoxdursa, Avropa İttifaqına üzvlükdə irəliləyiş də yoxdur”.

Qurumun açıqlamasında qeyd olunur ki, Gürcüstan və Türkiyə üçün Avropa İttifaqına üzvlük prosesində irəliləyiş yalnız demokratik islahatlar həyata keçirildiyi halda mümkündür.

Gürcüstanla bağlı Avropa Parlamenti bildirir ki, son dövrlərdə hüququn aliliyinin zəifləməsi, siyasi təzyiqlər və Aİ haqqında “Rusiya üslublu dezinformasiya” ölkəni Avropa İttifaqına üzvlük yolundan daha da uzaqlaşdırıb. Avroparlament üzvləri mövcud kursun dəyişdirilməsi üçün konkret addımların atılmasını və siyasi təzyiqlərə görə məsuliyyət daşıyanlara qarşı hədəfli sanksiyaların tətbiqini tələb ediblər.

Türkiyə ilə bağlı isə qeyd olunur ki, ölkə NATO-nun mühüm tərəfdaşı olaraq qalır, lakin Avropa İttifaqı yolunda irəliləmək üçün hüququn aliliyi və fundamental hüquqlarla bağlı problemləri həll etməlidir.

Xatırladılır ki, bu mövzu ilə bağlı Avropa Parlamentinin 17 iyunda qəbul etdiyi qətnamə Raşa Yukneviçienenin məruzəsi əsasında hazırlanıb.

Oxşar