Avropa Parlamenti “Eurobarometer”in tədqiqatının nəticələrini dərc edir – rəyi soruşulanların 74%-i öz ölkəsinin Avropa İttifaqına üzvlüyünü faydalı hesab edir, 83%-i isə həyat keyfiyyətindən razıdır
Avropa Parlamenti avropalıların öz gələcəklərini, həyat səviyyəsini, qiymətləri, iqtisadi vəziyyəti və Avropa İttifaqının siyasi prioritetlərini necə qiymətləndirdiyini göstərən “Eurobarometer”in tədqiqatının nəticələrini dərc edir.
Tədqiqata əsasən, rəyi soruşulanların 75%-i düşünür ki, müasir problemli dünyada Avropa İttifaqı sabit yerdir. Bununla yanaşı, avropalıların 74%-i öz ölkəsinin Avropa İttifaqına üzvlüyünü faydalı hesab edir. Respondentlərin 68%-i hesab edir ki, qlobal böhranlar və təhlükəsizlik risklərindən vətəndaşların qorunmasında Avropa İttifaqının rolu gələcəkdə daha da vacib olmalıdır.
“Eurobarometer”in sorğusuna əsasən, 73% Avropa İttifaqının qlobal çağırışların öhdəsindən gəlmək üçün daha çox imkana sahib olmasını istəyir. Tədqiqata əsasən, son zaman baş verən qlobal hadisələr avropalıların dünyanın gələcəyi ilə bağlı bədbin baxışlarını daha da kəskinləşdirib. Daha dəqiq desək, 58% dünyanın gələcəyinə bədbin yanaşır. Rəyi soruşulanların 44%-i öz hazırkı hissi kimi ən çox “qeyri-müəyyənlik” sözünü qeyd edir, 29%-i isə yaxın illərdə həyat səviyyəsinin pisləşəcəyini gözləyir.
“Eurobarometer”in sorğusuna əsasən, Avropa İttifaqı vətəndaşları düşünürlər ki, blok diqqətini müdafiə və təhlükəsizliyə (39%) və energetika müstəqilliyinə (35%) yönəltməlidir.
Həyat səviyyəsinə gəlincə isə, respondentlərin 83%-i həyat keyfiyyətindən razı olduğunu, 17%-i isə razı olmadığını bildirir. Bununla yanaşı, hər on vətəndaşdan üçü (29%) növbəti illərdə həyat səviyyəsinin pisləşəcəyini gözləyir, 50%-i eyni qalacağını düşünür, 18%-i isə yaxşılaşacağını gözləyir.
Avropa İttifaqı və onun təsisatlarına olan etimada gəlincə, rəyi soruşulanların 59%-i bu strukturlardan razı olduğunu bildirir.
“Eurobarometer” tədqiqatı Avropa İttifaqının 27 üzv ölkəsində keçirib və 26 421 respondent arasında sorğu aparıb. “Verian” agentliyi sorğunu aprelin 9-dan mayın 4-dək həyata keçirib. Vətəndaşlar arasında sorğu həm üzbəüz müsahibələr, həm də məsafədən aparılıb.