Avropa Məhkəməsi – Rusiyadakı avtoritar rejimin mövcudluğu sanksiya tətbiq edilmiş şəxslərlə dolayı əlaqəsi olan şirkətlərin aktivlərinin dondurulması üçün kifayət qədər əsas deyil
Avropa İttifaqı Məhkəməsi – Rusiyanın avtoritar idarəçilik sistemi şirkətlərin aktivlərinin dondurulması üçün təkbaşına kifayət qədər əsas deyil
Rusiya ilə əlaqəli şirkətlərin aktivlərinin dondurulması üçün yalnız ölkədə avtoritar idarəçiliyin mövcudluğu kifayət etmir. Bu barədə Avropa İttifaqı Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, müxtəlif ölkələrin milli hakimiyyət orqanları konkret şirkətə Rusiya tərəfindən faktiki nəzarətin olduğunu sübut etmək üçün möhkəm və obyektiv dəlillər təqdim etməlidirlər.
Avropa İttifaqı Məhkəməsi müəyyən edib ki, “Rusiyanın avtoritar rejiminin mövcudluğu özlüyündə Aİ sanksiyalarına məruz qalan şəxslərlə dolayı əlaqəsi olan şirkətlərin aktivlərini dondurmaq üçün kifayət qədər əsas deyil”.
Məhkəmənin qərarına görə, belə tədbirlər obyektiv və möhkəm sübutlarla əsaslandırılmalıdır.
“Euronews”un məlumatına görə, hazırda Brüsselin “qara siyahısında” təxminən 3 min şirkət və fiziki şəxs yer alır. Onlar Rusiyanın hərbi-sənaye kompleksinin bir hissəsi hesab olunur. Sanksiyaların qüvvədəolma müddətinin sentyabrın 15-də uzadılması gözlənilir.
“Euronews” bildirir ki, məhkəmənin qərarı Aİ-nin sanksiyalar siyahısına birbaşa daxil edilməyən, lakin sanksiya tətbiq olunmuş şəxslərlə əlaqəsi olan şirkətlərin aktivlərinin milli hakimiyyət orqanları tərəfindən hansı çərçivədə dondurula biləcəyinə aydınlıq gətirir.
İş Litvada fəaliyyət göstərən elektrik enerjisi şirkəti “Inter Rao Lietuva” ilə bağlıdır. Şirkət Aİ tərəfindən ona qarşı sanksiya tətbiq edilməməsinə baxmayaraq, Litva hakimiyyəti tərəfindən aktivləri dondurulmalı olan şirkətlərin milli siyahısına daxil edilib.
Litva hakimiyyəti iddia edib ki, şirkətin mülkiyyət strukturu onun sanksiya tətbiq olunmuş şəxslərlə əlaqəsini müəyyən etmək üçün kifayət qədər əsas yaradır. Şirkətin səhmlərinin 51 faizi Finlandiyada qeydiyyatdan keçmiş “Rao Nordic” şirkətinə məxsusdur. Bu şirkət isə tamamilə Rusiyanın dövlət nəzarətində olan iri enerji şirkəti “PJSC Inter RAO”-ya məxsusdur.
Son nəzarətin Rusiya dövlətinə məxsus olduğunu əsas götürən Litva hakimiyyəti şirkətin dolayı yolla Rusiya Prezidenti Vladimir Putinin nəzarətində olduğu qənaətinə gəlib. Avropa İttifaqı Putinə qarşı sanksiyalar tətbiq edib.
Lakin Avropa İttifaqı Məhkəməsi bu arqumenti qəbul etməyib və bildirib ki, məhdudlaşdırıcı tədbirlər konkret şirkət üzərində təsdiqlənmiş nəzarətə əsaslanmalıdır. Bu nəzarət isə obyektiv və kifayət qədər möhkəm sübutlarla təsdiqlənməlidir.
Beləliklə, məhkəmənin qərarına əsasən, Rusiyanın siyasi sisteminin avtoritar və oliqarxik olması, eləcə də Vladimir Putinin faktiki olaraq məhdudiyyətsiz hakimiyyətə malik olması onun konkret şirkətə nəzarət etdiyini sübut etmək üçün təkbaşına kifayət qədər əsas sayıla bilməz.