Avropa Komissiyasının sabiq prezidenti bildirir ki, Yunanıstanda ciddi maliyyə böhranı zamanı Avropa İttifaqının bir üzv ölkəsinin maliyyə naziri Akropolisin satılmasını təklif edib
Avropa Komissiyasının sabiq prezidenti bildirir ki, Yunanıstanda ciddi maliyyə böhranı zamanı Avropa İttifaqının bir üzv ölkəsinin maliyyə naziri Akropolisin satılmasını təklif edib

Avropa Komissiyasının sabiq prezidenti bildirib ki, Yunanıstanda ağır maliyyə böhranı dövründə Avropa İttifaqına üzv ölkələrdən birinin maliyyə naziri Yunanıstanın borcunu ödəmək üçün Akropolisin satılması təklifini irəli sürüb.

Yunanıstan mediasının yazdığına görə, Jan-Klod Yunker bildirib ki, həmin təşəbbüs avrozona ölkələrinin maliyyə nazirlərinin toplantısında səsləndirilib.

Avropa Komissiyasının keçmiş prezidenti bu ideyanı irəli sürən nazirin kimliyini açıqlamayıb.

Daha sonra Jan-Klod Yunker söhbətin qadın nazirdən getdiyini bildirib.

“Xatırlayıram ki, Avroqrupun iclaslarında bəzi maliyyə nazirləri pul əldə etmək üçün Akropolisin satılmasını təklif edirdilər. Mən isə onlara dedim: ‘Susun’”, – deyə Jan-Klod Yunker bildirib.

Onun sözlərinə görə, Yunanıstan 2009-cu il böhranına qədər büdcə kəsiri göstəricilərini gizlətməklə etimadı itirib və bu, ölkə üçün ağır nəticələrə səbəb olub.

“Bu, həqiqətən böyük səhv idi. Yunanıstan başqalarını yanıltdığını etiraf edəndə etimadını itirdi. Əsas problem də məhz bu idi. Bundan sonra hər kəs Yunanıstan haqqında istədiyini deyə bilirdi”, – deyə Jan-Klod Yunker bildirib. O, 2005-2013-cü illərdə Lüksemburqun baş naziri və maliyyə naziri kimi Avroqrupa rəhbərlik edib.

Son məlumatlara görə, ilin sonunadək Yunanıstan artıq avrozonada ən böyük dövlət borcuna malik ölkə olmayacaq. Ölkənin borc səviyyəsi İtaliyanın göstəricisindən aşağı düşəcək.