Avropa Komissiyasının baş mətbuat katibi – Avropa Komissiyası Rusiya, Finlandiya və Norveç liderlərinin telefon danışığı barədə əvvəlcədən məlumatlandırılıb

18:23, 28.10.2026

 

Avropa Komissiyası Rusiya, Finlandiya və Norveç liderlərinin telefon danışığı barədə əvvəlcədən məlumatlandırılıb – bu barədə Avropa Komissiyasının baş mətbuat katibi Paula Pinio açıqlayıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimer Putin, Finlandiya Prezidenti Aleksandr Stub və Norveçin Baş naziri İonas Qar Stiore arasında söhbət oktyabrın 20-də Osloda keçirilən görüşün davamı olub.

“Əvvəllər də dəfələrlə qeyd etdiyimiz kimi, bizim üçün təkcə bu dəhşətli müharibənin başa çatması deyil, həm də ədalətli və dayanıqlı sülhün əldə olunması son dərəcə vacibdir. Cari danışıqlarda məhz bu mövqeyi müdafiə edirik. Bununla yanaşı, prezident Putinlə hansı danışıqların aparılmasından asılı olmayaraq, bu məsələ ilə əlaqədar vahid mesajı qoruyub saxlamağımız vacibdir. Gələcəkdə planlaşdırılan müzakirələrə gəlincə, bu mərhələdə bölüşə biləcəyimiz əlavə məlumat yoxdur. Lakin bu məsələ ilə bağlı mövqeyimizi bir daha xatırladırıq” — Paula Pinio açıqlayıb.

Pinionun qeyd etdiyi kimi, Avropa Komissiyası Rusiya Prezidenti tərəfindən danışıqlarda iştirak üçün xüsusi hazırlaşma göstərildiyini müşahidə etmir:

“Ən vacib məqam vahid mövqeyi qorumaq və prezident Putinə eyni mesajı ötürməkdir. Təəssüf ki, prezident Putinin özü bu cür müzakirələrə qoşulmaqda böyük hazırlıq göstərmir” — Avropa Komissiyasının baş mətbuat katibi əlavə edib.

Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Finlandiya Prezidenti və Norveçin Baş naziri ilə telefon danışığı aparıb, daha sonra isə liderlər Volodimir Zelenski ilə danışıblar. Finlandiya Prezident Adminstrasiyasının verdiyi məlumata əsasən, Finlandiya və Norveç liderləri Vladimer Putinlə Avropa adından deyil, öz ölkələrinin adından danışıblar.

Bununla yanaşı, Vladimer Putinin Finlandiya Prezidenti və Norveçin Baş naziri ilə telefon danışığı haqqında rəsmi məlumatı Kreml də yayıb. Kremlin məlumatına əsasən, Vladimer Putin Finlandiya və Norveç liderləri ilə danışıqlar zamanı ədalətli və uzunmüddətli sülhün yalnız Rusiyanın qanuni maraqlarının tam nəzərə alınması ilə mümkün olduğunu bəyan edib.

Oxşar