Avropa Komissiyasında Finlandiyada Ukraynaya məxsus dronun düşməsi ilə bağlı narahatlıq ifadə olunur, lakin bunun üzv dövlətin təhlükəsizliyi üçün təhlükə yaratmadığı bildirilir
Avropa İttifaqı Finlandiyada Ukraynaya məxsus dronun düşməsi ilə bağlı narahatlıq ifadə edir, lakin hesab edir ki, bu, üzv dövlətin təhlükəsizliyi üçün təhlükə yaratmır – bu barədə Avropa Komissiyasının sözçüsü Tomas Reynier jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası hesab edir ki, Finlandiyada Ukrayna dronu ilə bağlı insident Rusiyanın Ukraynaya qarşı aqressiyasının birbaşa nəticəsidir.
“Biz baş verənləri çox yaxşı bilirik və vəziyyəti diqqətlə izləyirik. Əlbəttə, dronların daxil olması bizi ciddi narahat edir. Belə insidentlərə reaksiya vermək, ilk növbədə, üzv dövlətlərin məsuliyyətidir”, – deyə Tomas Reynier bildirib.
Bununla yanaşı, Avropa Komissiyasının xarici və təhlükəsizlik məsələləri üzrə sözçüsü Anita Hipperin sözlərinə görə, bu insidentin əsas səbəbi Rusiyanın Ukraynaya qarşı aqressiyasıdır.
“Diplomatik baxımdan mesajımız aydındır. Hətta Avropa İttifaqına üzv dövlətlərin üzərində dronlar uçduğu halda belə, əsas məsuliyyət Rusiyanın üzərinə düşür. Rusiya olmasaydı, bu baş verməzdi”, – deyə Anita Hipper qeyd edib.
Qeyd edək ki, martın 29-da bir neçə dron Finlandiyanın hava məkanını pozub. Finlandiyanın baş naziri Peteri Orpo bildirib ki, dronlar ehtimal ki, Ukraynaya məxsus olub, çünki eyni dövrdə Ukrayna Finlandiya ilə həmsərhəd olan Leninqrad vilayətində Rusiyanın hədəflərinə zərbələr endirib. Mediaya görə, hadisə ilə bağlı Ukrayna Finlandiyadan üzr istəyib.