Avropa Komissiyası yeni sanksiyalar ofisi yaradıb

22:40, 18.11.2026

 

Avropa Komissiyası əsas məqsədi sanksiyalar siyasətinin planlaşdırılması, icrası və onlardan yan keçilməsinin qarşısının alınmasının səmərəliliyini artırmaq olacaq Avropa İttifaqının sanksiyalar ofisini yaradır.

Yeni struktur sanksiyaların tam dövrü ilə bağlı – siyasətin hazırlanmasından başlayaraq, onun praktiki tətbiqi və üçüncü ölkələrlə əməkdaşlıqla başa çatan – Avropa Komissiyasının ekspertizasını bir məkanda birləşdirəcək. Ofis sanksiyaların vahid şəkildə icrasını təmin etmək üçün üzv dövlətləri operativ uyğunluq təlimatları, məlumat mübadiləsi, iqtisadi və texniki təhlillə dəstəkləyəcək.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Laienin qeyd etdiyi kimi, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi fonunda sanksiyalar Avropa İttifaqının xarici siyasətinin və çağırışlara cavab verməsinin əsas təsir vasitəsinə çevrilib. Lakin bu tədbirlərin real nəticə verməsi üçün ciddi nəzarət, boşluqların aradan qaldırılması və sanksiyalardan yan keçilməsinin qarşısının alınması zəruridir. Sanksiyalar təkcə Rusiya və Belarusa aid deyil, onlar həmçinin İran, Şimali Koreya və Suriyaya, eləcə də hibrid təhdidlərə və mütəşəkkil cinayətkarlığa da şamil edilir.

Avropa İttifaqının sanksiyalar ofisi Baş Katibliyin tərkibinə daxil olacaq və maliyyə xidmətləri məsələləri üzrə avropa komissarı Maria Luis Albukerkenin siyasi məsuliyyəti altında fəaliyyət göstərəcək. Ofis alternativ ticarət marşrutlarından və ya maliyyə kanallarından istifadə etməklə sanksiyalardan yayınma risklərini azaltmaq məqsədilə fəaliyyəti üçüncü ölkələrlə əməkdaşlığı nəzərdə tutan Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi ilə sıx əməkdaşlıq edəcək.

Yeni ofis 2027-ci ilin yanvarın 16-dan etibarən rəsmi fəaliyyətə başlayacaq. Paralel olaraq, Avropa Komissiyası isveçli diplomat Lars Danielsonu Avropa İttifaqının sanksiyalar üzrə yeni xüsusi nümayəndəsi təyin edib. O, hazırkı xüsusi nümayəndə Devid O’Sallivanın mandatı başa çatdıqdan sonra, 2027-ci ilin fevralın 6-dan səlahiyyətlərinin icrasına başlayacaq.

Oxşar