Avropa Komissiyası sanksiyaların 18-ci paketini təqdim edib – bu paket Moskvanın energetika sektoru, maliyyə institutları və hərbi sənayesinə qarşı yönəlib
Avropa Komissiyası sanksiyaların 18-ci paketini təqdim edib – bu paket Moskvanın energetika sektoru, maliyyə institutları və hərbi sənayesinə qarşı yönəlib

Avropa Komissiyası sanksiyaların 18-ci paketini təqdim edib. Bu paket Moskvanın energetika sektoru, maliyyə institutları və hərbi sənayesinə qarşı yönəlib. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.

“Rusiyanın məqsədi sülh deyil. Güc Rusiyanın anlayacağı yeganə dildir,” – deyə Ursula fon der Lyayen mətbuat konfransında bildirib.

Eyni zamanda, Avropa İttifaqının ali diplomatı Kaya Kallas qeyd edib ki, “Rusiyaya qarşı növbəti Aİ sanksiyaları raundu Rusiyanın energetika gəlirlərinə, o cümlədən kölgə donanmasına, hərbi sənayesinə və bank sektoruna təsir edəcək.”

Yeni paket Rusiya ilə “Şimal axını” qaz kəmərləri üzrə tranzaksiyaların qadağan edilməsini, eləcə də sanksiyalardan yayınaraq fəaliyyət göstərən banklarla tranzaksiyaların qarşısının alınmasını nəzərdə tutur.

Avropa Komissiyasının digər təşəbbüsü isə Rusiyanın neftinə “Böyük Yeddilik” tərəfindən tətbiq olunan qiymət tavanının bir barel üçün 60 dollardan 45 dollara endirilməsidir. Ursula fon der Lyayen bildirib ki, bu həftə planlaşdırılan “Böyük Yeddilik” görüşündə neft qiyməti tavanı məsələsi müzakirə olunacaq.