Avropa Komissiyası 90 milyardlıq kredit çərçivəsində Ukraynaya 3.9 milyard avro köçürüb

15:38, 30.06.2026

 

Avropa Komissiyası 90 milyardlıq kredit çərçivəsində ilk hissəni – 6 milyard avrodan 3.9 milyard avronu Ukraynaya köçürüb. Bu barədə məlumatı Ukrayna mediası yayır.

Medianın məlumatına əsasən, vəsait Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının satın alınmasına xərclənəcək.

“Avropa Komissiyası bu gün Ukraynanın Rusiyanın təcavüzkar müharibəsinə müqavimət göstərməsinə kömək edəcək əsas imkan olan pilotsuz uçuş aparatlarının alınması üçün 3.9 milyard avronu – təxminən 6 milyard avroluq tranşın ilk ödənişi olan vəsaiti ödəməyə başlayır” – Avropa Komissiyasının bəyanatında qeyd olunub.

Mənbələrin məlumatına əsasən, ödəniş yubanırdı, çünki Avropa Komissiyası bu vaxta qədər pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı müqavilələri yoxlayırdı.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien bildirib ki, sözügedən investisiyalar Ukraynaya öz vətəndaşlarını qorumağa, suverenliyini qoruyub saxlamağa və Avropanın təhlükəsizliyini möhkəmləndirməyə kömək edəcək.

“Avropa ədalətli və davamlı sülhə nail olmaq üçün nə qədər vaxt lazımdırsa, Ukraynanın yanında qətiyyətlə dayanacaq” – fon der Laien qeyd edir.

Oxşar