Avropa İttifaqının ombudsmanı, Ursula fon der Laienin bir neçə dövlətin lideri ilə birlikdə Donald Trampın hərəkətlərini müzakirə etdiyi qrup çatına dair təhqiqat aparır

19:52, 24.06.2026

 

Avropa İttifaqının ombudsmanı Tereza Anjinio, Avropa Komissiyasının Prezidenti Ursula fon der Laienlə bağlı təhqiqat aparır.

Bu barədə məlumatı “Berliner Zeitung” nəşri yayır.

“Berliner Zeitung”un məlumatına əsasən, Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien yenidən təhqiqatın hədəfinə çevrilib, çünki bu dəfə Almaniyanın kansleri Fridrix Merts, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Böyük Britaniyanın hazırkı baş naziri Kir Starmerin də daxil olduğu gizli qrup çatı diqqət mərkəzindədir.

Təhqiqat Niderlandın “Follow the Money” təşkilatının tələbi ilə Avropa Komissiyasının sözügedən qrup çatının məlumatlarını dərc etməkdən imtina etməsindən sonra başlayıb.

Cari ilin əvvəlində “Politico” nəşri fon der Laien, avropalı liderlər və Zelenskinin qrup çatında ABŞ Prezidenti Donald Trampın hərəkətlərini müzakirə etdikləri barədə məlumat yaymışdı. Nəşrin məlumatına əsasən, bu qeyri-rəsmi, lakin aktiv çata “Vaşinqton qrupu” adı verilmişdi. Çat 2025-ci ilin avqustunda bir neçə Avropa İttifaqı liderinin Zelenski ilə birlikdə Ağ Evi ziyarət etməsindən sonra yaradılıb.
Bu, fon der Laienin rəqəmsal kommunikasiyalarının təhqiqat mövzusu olduğu ilk hal deyil.

2025-ci ilin mayında Avropa İttifaqı Məhkəməsi “Pfizergate” işi üzrə qərar çıxardı və qərara əsasən, Komissiya fon der Laien ilə “Pfizer”in icraçı direktoru Albert Burla arasındakı mətn mesajlarına çıxışı qanunsuz olaraq rədd edib.

Oxşar