Avropa İttifaqının 12 ölkəsi birgə bəyanat yayıb – Aİ Avropanın Arktika regionunda daha strateji və fəal rol oynamalıdır

22:59, 14.09.2026

“Avropa İttifaqı Avropanın Arktika regionunda daha strateji və fəal rol oynamalıdır”. Bu barədə bu gün Finlandiyanın şimalında, Rovaniemi şəhərində bir araya gələn 12 Avropa İttifaqı ölkəsinin liderlərinin birgə bəyanatında qeyd olunur.
Birgə bəyanatı Finlandiya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Almaniya, Latviya, Litva, Niderland, Polşa, Rumıniya və İsveç imzalayıb.

Sözügedən ölkələr Avropa İttifaqını Arktika regionuna cəlb olunmasını müvafiq resurslarla və dəyişən geosiyasi reallıqlara uyğun şəkildə gücləndirmək öhdəliyi götürməyə çağırırlar.

“Biz razılaşırıq ki, Avropa İttifaqı sabitliyin, dayanıqlı inkişafın və rifahın təşviqi istiqamətində fəaliyyətini gücləndirməli, eyni zamanda öz maraqlarını qorumalıdır”, – bəyanatda deyilir.

Liderlərin birgə bəyanatında Arktikada təhlükəsizliyin kollektiv əməkdaşlıq yolu ilə təmin edilməli olduğu bildirilir.

“Arktikada təhlükəsizlik kollektiv şəkildə təmin edilməlidir. Biz Arktikanı beynəlxalq hüquqa, o cümlədən sərhədlərin toxunulmazlığına və ərazi bütövlüyünə hörmətə, çoxtərəfli idarəetməyə, eləcə də dəniz hüququna əsaslanan sülh, sabitlik və konstruktiv əməkdaşlıq regionu kimi qorumaq barədə ümumi öhdəliyimizi ifadə edirik.

Biz dayanıqlığın gücləndirilməsinin və artan strateji rəqabətin regionda sabitliyi sarsıtmamasının təmin edilməsinin vacibliyini vurğulayırıq”, – 12 Avropa ölkəsinin liderləri bəyan ediblər.

Oxşar