Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin bir hissəsindən Amerika istehsalı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər almaq məqsədilə istifadə etməyə icazə verib
Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin bir hissəsindən Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ələ keçirici raketlər almaq məqsədilə istifadə etməyə icazə verib. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, söhbət Kiyev üçün edilən istisnadan gedir və bu istisna “Patriot” sistemləri üçün kritik əhəmiyyət daşıyan komponentlərin alınmasını nəzərdə tutur.
Bu qərar Ukraynaya 3,2 milyard avro məbləğində növbəti kredit tranşından istifadə etməyə imkan verəcək. Fon der Lyayenin sözlərinə görə, bu vəsait Ukraynanın “hava məkanının Rusiya zərbələrindən müdafiəsini gücləndirməsinə” imkan verəcək.
Bu gün Almaniyanın müdafiə naziri Boris Pistorius da bildirib ki, Almaniya Bundesverin ehtiyatlarından Ukraynaya əlavə “Patriot” raketləri verəcək. Söhbət PAC-2 tipli ələ keçirici raketlərdən gedir.
Ukraynanı dəstəkləyən ölkələrin müdafiə nazirlərinin videokonfransında Pistorius həmçinin bildirib ki, Berlin Ukraynaya “hava-hava” tipli raketlərin tədarükünü artıracaq, pilotsuz uçuş aparatlarının və uzaqmənzilli sursatların göndərilməsini də davam etdirəcək.
Bundan əvvəl Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə üçün 100 milyon funt sterlinq məbləğində əlavə yardım paketinin ayrıldığını açıqlayıb. Bu paket Rusiyanın hücumları fonunda qarşıdakı qış dövründə Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə yönəlib və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketləri də əhatə edir.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının Kiyevə ayırdığı 90 milyard avroluq kreditin şərtlərinə əsasən, bu vəsait əsasən Avropa istehsalı olan silahların alınmasına xərclənməlidir.