Avropa İttifaqı Şurasının qərarı ilə Ukraynanın hərbi mükəlləfiyyətli vətəndaşlarına müvəqqəti müdafiənin verilməsinə dair məhdudiyyət həm kişilərə, həm də qadınlara bərabər dərəcədə şamil olunacaq
Avropa İttifaqı ərazisində müvəqqəti müdafiə almaq üçün Ukraynadan gələn qadınlar da hərbi xidmətdən yayınmağa çalışmadıqlarını və Ukraynanı qanuni yolla tərk etdiklərini sübut etməli olacaqlar. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Markus Lamert bildirib.
O, Avropa İttifaqı Şurasının Ukraynanın hərbi mükəlləfiyyətli vətəndaşlarına müvəqqəti müdafiənin verilməsini məhdudlaşdıran qərarının həm kişilərə, həm də qadınlara bərabər dərəcədə şamil olunduğunu bildirib.
Avropa Komissiyasının nümayəndəsi vurğulayıb ki, tələblər hərbi vəzifənin yerinə yetirilməsinə, o cümlədən aktiv hərbi xidmətə və ya keçmişdə hərbi xidmət keçməyə aiddir.
Lamert həmçinin qeyd edib ki, Avropa İttifaqı yaxın vaxtlarda üzv dövlətlərə Avropa İttifaqında müvəqqəti müdafiə almaq hüququ artıq olmayacaq ukraynalıların kateqoriyaları ilə bağlı əlavə tövsiyələr təqdim edəcək.
Məlumat üçün bildirək ki, bir qədər əvvəl Avropa İttifaqı Rusiyanın tammiqyaslı işğalı səbəbindən ölkəni tərk etmiş ukraynalılar üçün müvəqqəti müdafiə rejimini 2028-ci ilin martına qədər uzadıb. Bu status onlara Avropa İttifaqına üzv ölkələrdə yaşamaq və işləmək hüququ verir.
Lakin Avropa İttifaqı Şurasının qərarından irəli gələrək, Ukraynanın mövcud qanunvericiliyinə uyğun olaraq hərbi mükəlləfiyyətini yerinə yetirdiyini sübut edə bilməyən yeni gəlmiş ukraynalı kişilər avtomatik olaraq bu statusu ala bilməyəcəklər. Qərarda bu tələbin “Ukraynanın mövcud müdafiə ehtiyacları nəzərə alınaraq” tətbiq edildiyi qeyd olunub.
“RBC-Ukraine” nəşrinin yazdığı kimi, avqustun ortalarında İspaniyada müvəqqəti müdafiə statusu almaq istəyən ukraynalılar hakimiyyətin yeni tələbləri barədə məlumat yayıblar. Onların sözlərinə əsasən, İspaniyada qadınlardan da hərbi vəzifənin yerinə yetirilməsini və ya ondan azad olunmanı təsdiqləyən məlumat, həmçinin Ukrayna sərhədini keçmə haqqında qeyd təqdim edilməsi tələb olunub.
Ukraynanın İspaniyadakı səfirliyində bu tələbləri məhz Avropa İttifaqı Şurasının son qərarı ilə izah ediblər.
Ukraynanın Almaniyadakı səfirliyi də qeyd edir ki, müvəqqəti müdafiənin verilməsi ilə bağlı yeni qaydaları nəzərə alaraq, yaşından və cinsindən asılı olmayaraq bütün vətəndaşlara Ukraynadan çıxarkən sərhədçilərdən pasportlarına sərhədi keçməni təsdiq edən möhürü vurdurmaları tövsiyə olunur.