Avropa İttifaqı Şurası vizasız səyahətin dayandırılmasının yenilənmiş qaydalarını təsdiqləyib
Avropa İttifaqı Şurası vizasız səyahətin dayandırılmasının yenilənmiş qaydalarını təsdiqləyib

 

Avropa İttifaqı Şurası vizasız səyahətin dayandırılmasının yenilənmiş qaydalarını təsdiqləyib.

Vizasız səyahətin dayandırılmasının yeni mexanizmi Brüsselə vizasız səyahətin sui-istifadə edildiyi və ya Avropa İttifaqının maraqlarına zidd olduğu vəziyyətlərə daha sürətli və həlledici reaksiya verməyə imkan verəcək.

Yeni qaydalara əsasən, vizasız səyahətin dayandırılmasının əsasları genişləndiriləcək.

“Yeni qaydalar qüvvəyə mindikdə, Avropa İttifaqı üçüncü ölkələrlə, əgər bu dövlət Avropa İttifaqının viza siyasətinə uyğun olmasa, vizasız səyahəti ləğv edə biləcək. Bundan başqa, bu və ya digər ölkənin investorlara vətəndaşlıq verilməsi proqramı olarsa Avropa İttifaqı viza rejiminin liberallaşdırılmasını ləğv edə biləcək. Əgər üçüncü ölkənin Avropa İttifaqı ilə münasibətləri pisləşərsə, məsələn, insan hüquqlarının pozulması halında vizasız səyahət ləğv olunacaq” – press-relizdə deyilir.

Yenilənmiş qaydalara əsasən, əgər bu və ya digər ölkədən Avropa İttifaqına gedən vətəndaşlara Şengen zonasına girişdən imtina edilməsi və ya onlar tərəfindən Avropa İttifaqında qalmanın müyyən edilmiş müddətinin pozulması halları, həmçinin sığınacaq tələbi ilə müraciətlərin və ya həmin vətəndaşlar tərəfindən törədilən ciddi cinayətlərin sayı artsa vizasız rejimin dayandırılması mexanizminin işə salınması daha da asan olacaq.

Yeni qaydalara əsasən, birinci dəfəsində vizasız səyahətin dayandırılması bu gün qüvvədə olan 9 ay əvəzinə 12 aylığına olacaq. Bu müddət daha 24 ay uzadıla bilər.

“Viza rejiminin liberallaşdırılmasının müvəqqəti dayandırılmasının müddətinin uzadılması Avropa İttifaqına vizasız səyahətin dayandırılmasına səbəb olan halları aradan qaldırmaq üçün üçüncü ölkə ilə əməkdaşlıq etməyə imkan verəcək” – press-relizdə deyilir.

Vizasız səyahətin müvəqqəti dayandırılmasının yeni mexanizmi həmçinin hədəf yanaşmanı nəzərdə tutur. Bu vaxta qədər mövcud qayda ilə vizasız səyahətin dayandırılmasının uzadılması zamanı bu tədbir üçüncü ölkənin bütün vətəndaşlarına şamil olunurdusa, yeni qaydalarla viza rejiminin liberallaşdırılmasının əlavə 24 aylıq müddəti bütün vətəndaşlara şamil edilməyəcək. Bunun əvəzinə, Avropa İttifaqı bu tədbiri yalnız hökumətin rəsmi şəxslərinə və diplomatlara qarşı tətbiq edə biləcək. Vizasız səyahətin yeni mexanizmi Avropa İttifaqının rəsmi jurnalında dərc edildikdən sonra iyirminci gün qüvvəyə minəcək. Bu, məcburi olacaq və Avropa İttifaqının ölkələrində istifadə olunacaq.