Avropa İttifaqı Şurası və Avropa Parlamenti Şengen zonasına avtomatik qeydiyyat sisteminin mərhələli şəkildə tətbiqi barədə ilkin razılığa gəliblər
Avropa İttifaqı Şurası və Avropa Parlamenti Şengen zonasına avtomatik qeydiyyat sisteminin mərhələli şəkildə tətbiqi barədə ilkin razılığa gəliblər

 

Giriş/Çıxış Sistemi – EES (Entry/Exit System) Şengen zonasına daxil olan və çıxan şəxslərin, o cümlədən biometrik məlumatların – barmaq izi və üz şəkillərinin – avtomatik qeydiyyatını mümkün edəcək. Aİ-yə üzv ölkələrin hakimiyyət orqanları üçün üçüncü ölkə vətəndaşlarının şəxsi məlumatlarına və onların səyahət tarixçələrinə daimi giriş imkanı olacaq, həmçinin onların ölkədə qalma müddətinin icazə verilən dövrü aşmaması nəzarətdə saxlanılacaq.

Yeni sistem hər bir üzv ölkədə altı ay ərzində mərhələli şəkildə tətbiq olunacaq və giriş-çıxış zamanı sərhədçilərin pasportda vurduğu möhürü əvəz edəcək. Keçid dövrü ərzində möhürün əl ilə vurulması davam edəcək. Sərnişin axınının çox olduğu hallarda uzun növbələrin qarşısını almaq üçün müvəqqəti olaraq yenidən əl ilə möhürləmə tətbiq edilə bilər.

Avropa İttifaqı hesab edir ki, EES sistemi identifikasiya məlumatları ilə bağlı mümkün fırıldaqçılıq və ölkədə qeyri-qanuni qalma risklərini əhəmiyyətli dərəcədə azaldacaq.