Avropa İttifaqı Şurası Rusiyanın “kölgə donanması”na məxsus 40-dan çox gəmiyə yeni sanksiyalar tətbiq edib
Avropa İttifaqı Şurası Rusiyanın “kölgə donanması”na məxsus 40-dan çox gəmiyə yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı Şurası Rusiyanın “kölgə donanması”na məxsus 40-dan çox gəmiyə yeni sanksiyalar tətbiq edib. Bu barədə Şuranın rəsmi bəyanatında qeyd olunub.

Bəyanata görə, söhbət Rusiyanın neft tankerlərindən ibarət “kölgə donanması”nın tərkibinə daxil olan və Rusiyanın enerji gəlirlərinin artmasına töhfə verən əlavə 41 gəmidən gedir. Bununla da limanlara girişinə, həmçinin dəniz nəqliyyatı ilə bağlı geniş xidmətlərin göstərilməsinə qadağa qoyulan gəmilərin siyahısına daha 41 gəmi əlavə edilib.

“Aİ-nin bu tədbiri Putin tərəfindən formalaşdırılan kölgə donanmasının tərkibində olan və neftin qiymətinə qoyulan məhdudiyyət mexanizmini dolanan, yaxud Rusiyanın enerji sektoruna dəstək verən Aİ-yə üzv olmayan tankerlarla mübarizə aparmağa, eləcə də Rusiya üçün hərbi avadanlığın daşınmasına cavabdeh olan və ya Ukraynadan oğurlanmış Ukrayna taxılının daşınmasında iştirak edən gəmilərə qarşı yönəlib”, – deyə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilir.

Yayılan məlumata görə, bu qərardan sonra sanksiya tətbiq edilən gəmilərin ümumi sayı təxminən 600-ə çatıb. Şuranın açıqlamasında vurğulanır ki, “Avropa İttifaqı Rusiyaya və onun kölgə donanmasına qarşı təzyiqləri, o cümlədən əlavə sanksiyaların qəbulu yolu ilə gücləndirməyə hazırdır”.