Avropa İttifaqı Şurası Rusiya ilə sadələşdirilmiş viza rejimini tamamilə dayandırdı
Avropa İttifaqı Şurası Rusiya ilə sadələşdirilmiş viza rejimini tamamilə dayandırdı. Şura Avropa İttifaqı ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsinin tamamilə dayandırılması barədə qərarı bu gün qəbul etdi.
Bu o deməkdir ki, Avropa İttifaqı Viza Məcəlləsinin ümumi qaydaları Rusiya vətəndaşlarına şamil olunacaq. Daha dəqiq olaraq, viza müraciəti üçün rüsum 35 avrodan 80 avroya qədər artacaq, əlavə sənədlərin təqdim edilməsi lazım gələcək, viza müraciətinə baxılma müddəti artacaq, multi-vizaların verilməsi qaydaları sərtləşdiriləcək.
“Vizaların sadələşdirilməsi razılaşması ümumi dəyərləri paylaşdığımız etibarlı tərəfdaş ölkələrin vətəndaşları üçün Avropa İttifaqına imtiyazlı giriş imkanı verir. Rusiya təxribatsız və əsassız işğalçılıq müharibəsi, o cümlədən mülki şəxslərə qarşı ayrıseçkilik etmədən hücumlar yolu ilə bu etimadı sarsıtdı və beynəlxalq ictimaiyyətimizin fundamental dəyərlərini tapdaladı. Bugünkü qərar Rusiyanın hərəkətlərinin birbaşa nəticəsidir və bizim Ukraynaya və onun xalqına sarsılmaz dəstəyimizin növbəti sübutudur”, – Avropa İttifaqına sədrlik edən Çexiyanın Xarici İşlər naziri Vit Rakuşan bəyan etdi.
Avropa İttifaqı və Rusiya arasında sadələşdirilmiş viza rejimi 2007-ci il iyunun 1-dən qüvvədə idi.