Avropa İttifaqı Şurası gürcü diplomatlar və yüksək rütbəli məmurlar üçün vizasız gediş-gəlişin dayandırılması haqda qərar qəbul edib
Avropa İttifaqı Şurası gürcü diplomatlar və yüksək rütbəli məmurlar üçün vizasız gediş-gəlişin dayandırılması haqda qərar qəbul edib

 

Avropa İttifaqı Şurası Gürcüstanla viza rejiminin sadələşdirilməsi sazişinin qismən dayandırılması haqda qərar qəbul edib. Bu qərar ilk növbədə gürcü diplomatlara və yüksək rütbəli məmurlara şamil ediləcək. Onlar Avropa İttifaqına səyahət etmək üçün viza almalı olacaqlar – bu haqda şuranın press-relizində qeyd olunub.

“Fundamental hüquqlar və demokratik dəyərlər Avropa İttifaqı ilə inteqrasiyanın əsas prinsipləridir. Bu dəyərləri tapdalayan ölkənin məmurları Avropa İttifaqına asan girişdən faydalanmamalıdır” – Polşanın daxili işlər və administrasiya naziri Tomaş Siemoniak bildirib.

“Qərar Gürcüstanın keçən il “Xarici təsirin şəffaflığı” haqqında qanunu və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini qəbul etməsinə cavab olaraq qəbul edilib. Avropa İttifaqı hesab edir ki, bu qanunvericilik gürcü xalqının əsas hüquqlarını, o cümlədən toplaşmaq və ifadə azadlığını, şəxsi həyatın toxunulmazlığı hüququnu, ictimai işlərdə iştirak etmək hüququnu pozur, damğalanma və ayrı-seçkiliyi artırır. Gürcüstanın hərəkətləri Sadələşdirmə Sazişinin əsaslandığı fundamental prinsipləri pozur və Avropa İttifaqının və ona üzv dövlətlərin maraqlarına ziddir. Bu, həm də hökumətin 2024-cü ilin noyabrın 28-də 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq prosesini artıq davam etdirməyəcəyini elan etməsindən sonra Gürcüstan hakimiyyətinin dinc nümayişçilərə, siyasətçilərə və müstəqil mediaya qarşı şiddətli repressiyalarına cavabdır” – bəyanatda qeyd olunub.

Adi pasportlara malik Gürcüstan vətəndaşları yenə də Avropa İttifaqına qısamüddətli səfərlər üçün vizasız səyahət edə biləcəklər. Sazişin qismən dayandırılması qüvvəyə mindikdən sonra Avropa İttifaqına üzv dövlətlər diplomatik və xidməti pasport sahibləri üçün fərdi qaydada viza tələbləri tətbiq etmək hüququ qazanacaqlar.