Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketi ilə bağlı razılığa gəlib
Avropa İttifaqının səfirləri Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının 3-cü ildönümünü qeyd etmək üçün nəzərdə tutulmuş Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Sanksiyalara ilkin alüminiumun idxalına qadağa daxildir. Diplomatların sözlərinə görə, Aİ Rusiyanın “kölgə donanması”na daxil olduğu güman edilən 73 gəmini də “qara siyahı”ya salacaq. Beləliklə, gəmilərin ümumi sayı 153-ə yüksələcək. Sanksiyalara əsasən, onlara Aİ limanlarına daxil olmaq və Aİ xidmətlərindən istifadə etmək qadağan edilib. Həmçinin “kölgə donanması” gəmilərinin sahiblərini və operatorlarını, o cümlədən kapitanları qara siyahıya salmaq mümkün olacaq.
Bundan əlavə, yeni sanksiyalar Rusiyanın 13 bankını SWIFT elektron sistemindən ayıracaq və səkkiz Rusiya media orqanının yayım lisenziyasını dayandıracaq.
Əvvəllər bildirilmişdi ki, 16-cı paket üzrə qadağa Rusiyaya PlayStation və Xbox oyun konsollarının idxalına da təsir göstərə bilər. KİV-in məlumatına görə, Rusiyaya qarşı 16-cı sanksiya paketinin fevralın 23-də Aİ xarici işlər nazirlərinin Brüsseldə görüşü zamanı rəsmən təsdiqlənəcəyi gözlənilir.