Avropa İttifaqı - Rusiya və Belarusun "Zapad 2025" hərbi təlimləri Rusiyanın sülhə can atdığını göstərmir
Rusiya və Belarusun “Zapad 2025” hərbi təlimləri Rusiyanın sülhə can atdığını göstərmir – bu barədə Avropa İttifaqı tərəfindən yayılmış bəyanatda qeyd olunub.
Bəyanatda deyilir ki, Avropa İttifaqı Belarus və Rusiya ərazilərində keçirilən “Zapad-2025” strateji hərbi təlimlərini diqqətlə izləyir.
“Rusiya tərəfindən Ukraynaya qarşı davam edən təcavüzü nəzərə almaqla və rus dronları tərəfindən üzv dövlətlərimizin hava məkanının pozulmasından sonra “Zapad-2025” kimi təlimlər gərginliyin azaldılmasını və sülhə can atmağı göstərmir” – bəyanatda qeyd olunub.
Avropa İttifaqı həmçinin təlimlərdə digər ölkələrin iştirakını “ciddi narahatlıq doğuran mövzu” hesab edir.
“Avropa İttifaqı Rusiya və Belarusdan beynəlxalq öhdəliklərini, xüsusilə də ATƏT-in 2011-ci il Vyana Sənədini tam şəkildə yerinə yetirmələrini gözləyir. Avropa İttifaqı “Zapad 2025″ təlimləri ilə əlaqədar istənilən potensial təhlükə ilə bağlı yenə də ayıq-sayıq qalır” – bəyanatda qeyd olunub.
Xatırladaq ki, Rusiya-Belarus “Zapad-2025” birgə hərbi təlimləri ötən həftənin sonunda başlayıb.