Avropa İttifaqı Kanada ilə birgə bəyannamədən “assosiativ üzvlük” ifadəsini çıxarıb
“Euronews”un məlumatına əsasən, Almaniyanın müqavimətindən sonra Avropa İttifaqı Kanada ilə sammitin bəyannamə layihəsindən “assosiativ üzvlük” barədə ifadəni çıxararaq onu “daha da sıx assosiasiya” düsturu ilə əvəzləyib.
Sənədin qəbulu cümə axşamı və cümə günləri Monrealda keçirilməsi planlaşdırılan Avropa İttifaqı-Kanada sammitinin sonu üçün nəzərdə tutulur.
Almaniyanın təkidli tələbi ilə ölkələrə paylanmış düzəliş edilmiş mətndə “assosiativ üzvlük” Avropa İttifaqı və Kanada arasında tam hüquqlu üzvlüyü nəzərdə tutmayan “daha da sıx assosiasiya” öhdəliyi ilə əvəz olunub.
Medianın məlumatına əsasən, Avropa Şurasının Prezidenti Antoniu Koştanın aparatı son saatlar ərzində Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə, xüsusilə də siyasi bəyannamədə qeyd olunan terminin tətbiqinə qarşı çıxan Almaniya ilə intensiv danışıqlar aparıb.
Məlumat üçün bildirək ki, Kanadaya Avropa İttifaqının assosiativ üzvlüyünün təklif edilməsi təşəbbüsü ilə keçən ay Avropa Parlamentində Avropa İttifaqının vəziyyətinə dair illik məruzəsi zamanı Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien çıxış etmişdi. Avropa Komissiyasının Prezidenti Kanadaya Avropa İttifaqının ilk assosiativ üzvü olmağı təklif etmişdi.
Bununla yanaşı, Almaniyanın kansleri Fridrix Merts bundan əvvəl analoji statusun Ukraynaya verilməsi təşəbbüsü ilə çıxış etmişdi. Onun təklifi ölkə Avropa İttifaqının tamhüquqlu üzvü olana qədər Kiyev üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsini hədəfləyirdi.