Avropa İttifaqı – İşğal altındakı öz-özünü elan etmiş Cənubi Osetiya regionunda dırnaqarası seçkilərin keçirilməsinə əsas verən hüquqi çərçivəni tanımırıq, nəticənin hüquqi qüvvəsi yoxdur
Avropa İttifaqı 2026-cı ilin sentyabrın 18-də Gürcüstanın işğal altındakı öz-özünü elan etmiş regionu, Cənubi Osetiyada dırnaqarası prezident seçkilərinin keçirilməsinə əsas verən konstitusiya və hüquqi çərçivələri, onlara edilmiş son dəyişiklikləri tanımır – bu barədə Avropa İttifaqı adından Avropa İttifaqının Ali Nümayəndəsinin bəyanatında deyilir.
Bəyanatda qeyd edildiyi kimi, seçkilərin nəticəsinin heç bir hüquqi qüvvəsi yoxdur.
“Avropa İttifaqı Rusiyanın rəsmi şəxsini Gürcüstanın işğal altındakı öz-özünü elan etmiş regionu Cənubi Osetiyanın de-fakto prezidenti təyin etməyə yönəlmiş Moskvanın əməllərini qətiyyətlə pisləyir; 2026-cı ilin 9 may “Müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında” dırnaqarası müqavilənin imzalanmasından təəssüf hissi keçirir və Rusiyanın Cənubi Osetiyanı siyasi, hərbi, iqtisadi və məhkəmə sahələrinə inteqrasiya etməklə nəzarəti möhkəmləndirmək yönündə davam edən cəhdlərini kəskin şəkildə pisləyir. Bu tədbirlər münaqişənin dinc yolla həllinə ziddir və Rusiyanın işğal olunmuş öz-özünü elan etmiş regionu gələcəkdə qanunsuz ilhaq etməsinə tərəf atılan addımlardır. Bu kimi hərəkətlər parçalanmanı sistemli şəkildə dərinləşdirir, regional təhlükəsizlik və sabitliyə təhlükə yaradır və beynəlxalq hüququ kobud şəkildə pozur.
Avropa İttifaqı Cenevrə Beynəlxalq Müzakirələrində həmsədrliyi və Gürcüstandakı Avropa İttifaqının Monitorinq Missiyasının (EUMM) fəaliyyəti də daxil olmaqla, Gürcüstanda münaqişənin dinc yolla həllinə sadiqliyini bir daha təsdiqləyir. Avropa İttifaqı Rusiyanı Gürcüstanın suverenliyinə hörmətlə yanaşmağa və Gürcüstan dövlətinin ərazi bütövlüyünü sarsıdan bütün əməlləri dayandırmağa çağırır.
Avropa İttifaqı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir” – bəyanatda deyilir.