Avropa İttifaqı Ermənistana mülki missiya göndərir
Avropa İttifaqı Ermənistana mülki missiya göndərir, – bu barədə məlumat Praqada Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşündən sonra yayıldı.
Bəyanatda qeyd edildiyi kimi, Avropa İttifaqı missiyasının məqsədi, Azərbaycanla sərhədin delimitasiyası prosesində Ermənistana yardım etmək olacaq. Missiya oktyabrda işə başlayacaq və Ermənistanda iki ay qalacaq.
Avropa İttifaqında bəyan edirlər ki, onların missiyasının digər məqsədi iki ölkə arasında etimadı gücləndirməkdir.
Elə həmin bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan BMT nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il “Alma-Ata Bəyannaməsinə” sadiq olduqlarını etiraf edirlər.