Avropa İttifaqı ABŞ-a cavab rüsumlarının tətbiqini aprelin ortalarına qədər təxirə salıb
Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumlarının tətbiqini aprelin ortalarına qədər təxirə salıb.
Bununla bağlı ticarət məsələləri üzrə Avropa Komissarı Maroş Şepçoviç Avropa Parlamentində keçirilən dinləmədə bəyanat verib.
Avropa Komissiyası 4,5 milyard avro dəyərində Amerika mallarına tariflərin aprelin 1-dən qüvvəyə minməsini, 18 milyard avro dəyərində mallara isə əlavə tariflərin aprelin 13-dən qüvvəyə minməsini təklif edirdi.
“Hazırda biz Avropa İttifaqının qarşı tədbirlərinin iki qrupunun tarixlərinin üst-üstə düşməsini müzakirə edirik ki, hər iki siyahı üzərində eyni vaxtda üzv dövlətlərlə konsultasiyalar aparaq və bu, həmçinin amerikalı tərəfdaşlarla danışıqlar üçün əlavə vaxt verəcək“ – Avropa Komissarı bəyan edib.
Avropa İttifaqının qarşı tədbirlərinin birinci seriyası Amerikanın burbon viskisinə 50%-lik vergi tətbiq etməyi nəzərdə tutur. Buna cavab olaraq, Donald Tramp bildirib ki, əgər blok bu tədbiri həyata keçirərsə, o zaman Avropa İttifaqından gələn bütün spirtli içkilərə 200%-lik rüsumlar tətbiq edəcək.
Donald Trampın administrasiyası həmçinin, 2 aprel tarixindən başlayaraq qlobal ticarət sistemini tarazlaşdırmaq məqsədilə cavab tarifləri tətbiq etməyi planlaşdırır.