Avropa İttifaqı ABŞ-a qarşı rüsumların tətbiqini 90 gün müddətinə dayandırıb
FILE PHOTO: European Union flags flutter outside the European Commission headquarters in Brussels, Belgium, March 24, 2021. REUTERS/Yves Herman/File Photo
Avropa İttifaqı ABŞ-a qarşı rüsumların tətbiqini 90 gün müddətinə dayandırıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Laien müvafiq bəyanatı sosial şəbəkə ilə yayıb.
“Prezident Trampın bəyanatını nəzərə aldıq. Danışıqlara şans vermək istəyirik. Üzv dövlətlərimizdən güclü dəstək alan Avropa İttifaqının əks tədbirlər paketi üzərində iş aparılması ilə eyni zamanda, onları 90 gün müddətinə dayandıracağıq. Danışıqlar qənaətbəxş olmasa, əks tədbirlərimiz qüvvəyə minəcək. Dediyim kimi, bütün variantlar masada qalır” – Ursula fon der Laien yazır.
Xatırladaq ki, Donald Tramp “True Social”da onlarla ölkəyə tətbiq edilən rüsumları 90 gün müddətinə dayandırdığını yazıb.
Donald Tramp sözügedən qərarla bağlı bildirib: “Rüsumları 90 gün müddətinə dayandırmaq barədə bir neçə gündür düşünürəm. Biz buna ehtiyacı olmayan ölkələri incitmək istəmirik. Hər kəs danışıqlar aparmaq istəyir”.