Atom elektrik stansiyasının qəzalı dayanmasının qarşısını almaq üçün Macarıstan hökuməti Dunay çayının yatağının dəyişdirilməsinə ordunu cəlb edib

19:42, 12.08.2026

 

Macarıstanın Baş naziri Peter Madiar bildirib ki, “Paks” atom elektrik stansiyasının yaxınlığında, Dunay çayının dibində çayda suyun səviyyəsinin daha da azalmasının qarşısını almaq və atom elektrik stansiyasının fəaliyyətini təmin etmək üçün “sədd”in tikintisi planlaşdırılır. Madiar bu barədə sosial şəbəkələrdə məlumat verib.

O bildirib ki, iş sahəsinə baxış keçirildikdən sonra hökumət su resurslarının idarəolunması, energetika və müdafiə sahəsinin ekspertlərinin tövsiyələri əsasında işlərin dərhal başlanılması barədə qərar qəbul edib.

“Sədd” Dunay çayının dibində, “Paks” atom elektrik stansiyası ilə Dunasentbenedek şəhəri arasında tikiləcək və çayın hər iki sahilini birləşdirəcək.

Birinci mərhələdə təxminən 35 min kubmetr daşın istifadəsi planlaşdırılır, növbəti mərhələdə isə daha 110 min kubmetr daş tələb olunacaq.

Baş nazirin bəyanatına əsasən, layihə “bir neçə həftə ərzində atom elektrik stansiyasının soyutma kanalında Dunay suyunun səviyyəsinin mənfi 90 santimetrdən aşağı düşməməsini təmin edəcək, bu da ölkənin ən mühüm elektrik stansiyasına tam gücü ilə işləmək imkanı verəcək”.

Hökumət bu layihəni prioritet olaraq qiymətləndirir. İşlərin ilkin dəyəri təxminən altı milyard forint təşkil edir.

Daimi qurğunun tikintisi ilə paralel olaraq, hakimiyyət iki 80 metrlik barjanı hazırlayır ki, ehtiyac yarandığı təqdirdə onların nəzarət ediləcək şəkildə batırılması planlaşdırılır. Hökumətin planına əsasən, bu addım qısamüddətli dövrdə Dunayda suyun səviyyəsini təxminən 20 santimetr qaldıra bilər və “sədd”in tikintisi başa çatanadək elektrik stansiyasının tam dayanmasını istisna edər.

Madiar qeyd edib ki, bu iki tədbir – səddin tikintisi və barjaların hazır vəziyyətə gətirilməsi bir-birini tamamlayacaq. Onun sözlərinə əsasən, bu mərhələdə bu, həm ekspertlər, həm də hakimiyyət tərəfindən dəstəklənən en effektiv və təhlükəsiz çıxış yoludur.

Məlumat üçün bildirək ki, avqustun 6-da Macarıstanda şiddətli istilər fonunda elektrik enerjisinə qənaət üzrə fövqəladə tədbirlər işə salınıb.

Madiar həmçinin bildirib ki, istilərin səbəb olduğu enerji böhranı Viktora Orbanın rəhbərlik etdiyi əvvəlki hakimiyyətin “Paks” atom elektrik stansiyasında hər hansı problem yaranacağı təqdirdə energetikanın kifayət qədər şaxələndirilməsini təmin etməməsi ilə də bağlıdır.

Oxşar