ATƏT-in 17 ölkəsi Gürcüstanda insan hüquqlarının vəziyyəti ilə bağlı birgə bəyanat yayır
ATƏT-in 17 ölkəsi Gürcüstanda insan hüquqlarının vəziyyəti ilə bağlı birgə bəyanat yayır

 
ATƏT-in 17 ölkəsi Gürcüstanda insan hüquqlarının vəziyyəti ilə bağlı birgə bəyanat yayır.

Bəyanatı ATƏT-in Daimi Şurasının iclasında Niderlandın nümayəndəsi təqdim edib.

Niderland, Belçika, Kanada, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Latviya, Litva, Lüksemburq, Norveç, Polşa, Rumıniya, İsveç, Birləşmiş Krallıq və ABŞ bəyanatı imzalayıblar.

“Ölkələrimiz 30 ildən artıqdır Gürcüstan və gürcü xalqı ilə tərəfdaşlığa sadiqdir. Biz Gürcüstanın demokratik təsisatlarını dəstəkləmək, Gürcüstan iqtisadiyyatının inkişafı və gürcü uşaqların təhsilini yaxşılaşdırmaq üçün Gürcüstan hökumətləri ilə işləyirdik. Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz sarsılmaz qalsa da, biz “Gürcü Arzusu”nun dinc toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən Gürcüstan vətəndaşlarına qarşı amansız və əsassız zorakılığını qəti şəkildə pisləyirik.

Biz narahatıq ki, “Gürcü Arzusu” öz tənqidçilərini susdurmaq üçün özbaşına həbslər və fiziki zorakılıq da daxil olmaqla repressiv taktikalardan istifadə etməyə davam edir. Vətəndaş cəmiyyətini gücləndirmək, dinc toplaşmaq və özbaşına həbslərdən azad olmaq hüququna hörmətlə bağlı ATƏT-in ortaq öhdəliklərinə uyğun olaraq, biz Gürcüstanı hüquq-mühafizə orqanlarının repressiv, həddindən artıq zorakılıq taktikalarından istifadəsini dayandırmağa çağırırıq.
Həmçinin, Gürcüstanı öz hüquqlarından dinc şəkildə istifadə etdiklərinə və Gürcüstanın Avro-Atlantik istəklərini dəstəklədiklərinə görə saxlanılmış nümayişçiləri, media nümayəndələrini, müxalifətçiləri və digərlərini dərhal azad etməyə çağırırıq. Qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyanlar da məsuliyyətə cəlb edilməlidir.

ATƏT-in üzvü olan dövlətlər olaraq bütün mexanizmləri ATƏT kontekstində öyrənəcəyik. Biz Gürcüstanı Avropa İttifaqına inteqrasiya yoluna qayıtmağa çağırırıq, gürcülərin mütləq əksəriyyətinin istədiyi budur. Ölkələrimiz gürcü xalqı, onun demokratik və Avroatlantik istəkləri ilə həmrəy olduğunu bildirir. Biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü sarsılmaz şəkildə dəstəkləməyə davam edirik” – bəyanatda deyilir.