“Associated Press” – Donald Tramp Amerika Birləşmiş Ştatlarının bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandırıb
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ölkənin bütün xarici yardım proqramlarının yoxlanılmasına qədər onların 90 gün müddətinə dayandırılması haqda sərəncam imzalayıb. Proqramların müvəqqəti dayandırılmasının məqsədi onların onun siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etməkdir.
Bu haqda məlumatı “Associated Press” yayır.
Sənəddə qeyd olunub ki, “xarici yardım sənayesi və bürokratiya Amerikanın maraqlarına uyğun deyil və bir çox hallarda ölkənin dəyərlərinə ziddir”.
Həmçinin, qeyd olunub ki, digər dövlətlərə yardım “bu ölkələrin özündə, eləcə də bu ölkələrlə digər dövlətlərin əlaqəsində ahəngdar və sabit münasibətlərə birbaşa zidd olan ideyaları xarici ölkələrdə irəli çəkməklə dünya sülhünün sabitliyinin pozulmasına kömək edir”.
Buna görə də Donald Tramp bəyan edib ki, “ABŞ-dan bundan sonra ölkə prezidentinin xarici siyasəti ilə tam razılaşdırılmayacaq şəkildə heç bir xarici yardım göstərilməyəcək”.
Agentliyin xəbər verdiyi üzrə, dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin üzvlərinə dinləmələr zamanı deyib ki, “xərclədiyimiz hər dollar, maliyyələşdirdiyimiz hər proqram və yürütdüyümüz hər siyasət üç suala cavab verməlidir: “Bu, Amerikanı daha təhlükəsiz edir yoxsa yox? Bu, Amerikanı daha güclü edir yoxsa yox? Bu, Amerikanı daha firavan edir yoxsa yox?”.
Məlumat üçün bildirək ki, Dövlət Departamenti və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi xarici yardıma nəzarət edən əsas qurumlardır.