“Associated Press”: ABŞ-ın İmmiqrasiya Xidməti beş gün ərzində 10 min nəfəri saxlayıb

10:25, 03.07.2026

ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizə Xidməti (ICE) iyunun son günlərində beş gün ərzində 10 min nəfəri saxlayıb. Bu barədə Associated Press məlumat yayıb. Agentliyin yazdığına görə, həmin statistika hələ ictimaiyyətə açıqlanmayıb və nəşr məlumatı anonim mənbədən əldə edib.

Hələlik saxlanılmaların ABŞ-ın hansı ştat və şəhərlərində həyata keçirildiyi açıqlanmayıb.

Əldə olunan materiallar göstərir ki, ICE fəaliyyət taktikasını dəyişib. Belə ki, qurum iri Amerika şəhərlərində genişmiqyaslı və diqqətçəkən əməliyyatlar əvəzinə, indi daha az nəzərə çarpan üsullardan istifadə edir. Nəşr vurğulayır ki, ICE saxlanılmaların statistikasını ictimaiyyətə açıqlamadığı üçün əvvəlki dövrlərlə dəqiq müqayisə aparmaq çətindir. Bununla belə, Berkli Universitetinin Deportasiya Məlumatları Layihəsinin materiallarına əsasən, gündə təxminən 2 min nəfərin saxlanılması əvvəlki aylarla müqayisədə rekord səviyyədə artım hesab olunur.

ABŞ-ın Daxili Təhlükəsizlik Departamentindən bildirilib ki, hüquq-mühafizə orqanları Prezident Donald Trampın seçkiqabağı verdiyi vədi yerinə yetirirlər.

Bəyanatda deyilir: “Hüquq-mühafizə orqanları ilk gündən etibarən Prezident Donald Trampın cinayət törətmiş qanunsuz miqrantların, o cümlədən qatillərin, zorakılıq törədən şəxslərin, pedofillərin, cinayətkar qruplaşma üzvlərinin və terrorçuların saxlanılması və ölkədən çıxarılması ilə bağlı verdiyi vədi yerinə yetirir. Mesajımız aydındır: Əgər ölkəyə qanunsuz daxil olsanız, sizi tapacaq, saxlayacaq və deportasiya edəcəyik.”

Oxşar