"Associated Press" - ABŞ Dövlət Departamenti potensial deportasiya məqsədilə 55 milyondan çox xarici vətəndaşın etibarlı vizasını yoxlayır
ABŞ Dövlət Departamenti potensial deportasiya məqsədilə 55 milyondan çox xarici vətəndaşın etibarlı vizasını yoxlayır – bu haqda “Associated Press” yazır.
ABŞ Dövlət Departamentində, vizaların mümkün ləğvi və ya immiqrasiya qaydalarının pozuntularına görə deportasiya məqsədilə ABŞ vizasına malik 55 milyondan çox əcnəbinin məlumatlarını yoxladıqlarını bildiriblər.
“Associated Press” tərəfindən göndərilən suala yazılı cavabında ABŞ Dövlət Departamenti qeyd edib ki, bütün viza sahibləri tələblərə uyğunluğun müəyyən edilməsi üçün “davamlı yoxlamadan” keçirlər. Bu proses çərçivəsində hüquq-mühafizə orqanlarının məlumatları, immiqrasiya qeydləri və viza verildikdən sonra məlum olan istənilən başqa məlumat təhlil edilir.
Sənədin müddətinin bitməsi, cinayət fəaliyyəti, ictimai təhlükəsizlik üçün təhlükə yaratmaq, eləcə də terror təşkilatlarında iştirak və ya onlara dəstək vizanın ləğvi üçün əsas ola bilər.
Cari həftənin əvvəlində ABŞ Dövlət Departamenti bəyan edib ki, Tramp Ağ Evə qayıtdıqdan sonra 6000-dən çox tələbə vizası müddətin aşılması və yerli, ştat və federal qanunların pozulmasına görə ləğv edilib. Bununla yanaşı, 6000 vizadan təxminən 4000-i qanunların pozulmasına görə, təxminən 200–300-ü isə terrorizmlə əlaqəli məsələlərə görə ləğv edilib.