Asiya İnkişaf Bankı Tbilisinin dairəvi yol layihəsinin maliyyələşdirilməsi üçün 250 milyon ABŞ dolları ayıracaq

11:48, 30.07.2026

Asiya İnkişaf Bankı (ADB) Tbilisinin strateji əhəmiyyət daşıyan dairəvi yolunun tikintisini dəstəkləmək məqsədilə 250 milyon ABŞ dolları məbləğində kredit ayırdığını açıqlayıb.

Bankın məlumatına görə, layihə yol-nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, paytaxtda nəqliyyat sıxlığının azaldılmasına və Gürcüstanın regional nəqliyyat qovşağı kimi rolunun gücləndirilməsinə xidmət edəcək.

Layihə Şərq-Qərb avtomagistralının mühüm hissəsi olan Tbilisi dairəvi yolunun 18,9 kilometrlik dörd zolaqlı hissəsinin tikintisini nəzərdə tutur. Nəqliyyat axınının paytaxtdan kənara yönləndirilməsi Tbilisidə yol hərəkətini yüngülləşdirəcək, yük və sərnişin daşımalarının səmərəliliyini artıracaq.

ADB-nin ayırdığı vəsait dairəvi yolun iki hissəsinin – 4-cü lotun (Tbilisi hava limanı–Loçini) və 5-ci lotun (Loçini–Rustavi) tikintisinə yönəldiləcək. Layihə çərçivəsində, həmçinin giriş və xidmət yollarının tikintisi və yenidən qurulması da həyata keçiriləcək.

ADB-nin Gürcüstandakı daimi nümayəndəliyinin direktoru Lesli Berman Lam bildirib ki, Gürcüstanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkəyə regional nəqliyyat qovşağına çevrilmək üçün mühüm imkan yaradır.

Onun sözlərinə görə, Tbilisi dairəvi yolu bu potensialın reallaşmasına töhfə verəcək, yol sıxlığını azaldacaq və yükdaşımaları daha səmərəli edəcək.

Bankın məlumatında qeyd olunur ki, yeni yol yerli və tranzit nəqliyyat üçün səfər müddətini qısaldacaq, nəqliyyat vasitələrinin istismar xərclərini və atmosferə atılan tullantıları azaldacaq. Layihənin yükdaşımaların, ixracın və turizm sektorunun etibarlılığını artıracağı, həmçinin yol-nəqliyyat hadisələri nəticəsində ölən və ağır xəsarət alanların sayını azaltmağa kömək edəcəyi bildirilir.

ADB həmçinin vurğulayıb ki, layihə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) ikinci dəhlizi boyunca nəqliyyatın səmərəliliyini artıracaq, Gürcüstanın regional və qlobal bazarlara inteqrasiyasını gücləndirəcək.

Bank 2007-ci ildən Gürcüstanın əsas inkişaf tərəfdaşlarından biridir. Bu müddət ərzində ADB ölkəyə kredit, qrant və texniki yardım formasında təxminən 6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi göstərib.

Oxşar